Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt”ın braziliyalı qapıçısı Kaua Santos klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Braziliyalı əlcək sahibi ilə yeni anlaşma 2030-cu ilə qədər nəzərdə tutulub. 21 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2028-ci ilin ortalarında başa çatacaqdı. Amma klub rəhbərliyi gənc qolkiperin perspektivlərini yüksək qiymətləndirdiyi üçün maaş artımı ilə müqavilənin müddətini uzatmağa qərar verib.
Kaua Santos Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, Frankfrut təmsilçisinə 2023-cü ilin avqust ayında 1,6 milyon avro qarşılığında keçib. Bu mövsüm Bundesliqanın 3-cü turunda “Volfsburq”a qarşı oyunda Frankfurt klubunun əsas qapıçısı Kevin Trapp zədələndiyi üçün Santos “Ayntraxt”da debüt imkanı qazanıb.
Maraqlıdır ki, Kaua Santosun qapıda durduğu 6 oyunda “Ayntraxt” bir dəfə də uduzmayıb. O, bu 6 oyunda 10 qol buraxıb, 1 matçda isə qapısını toxunulmaz saxlayıb. “Volfsburq”la oyundan 2:1 hesablı qələbə ilə ayrılan “Ayntraxt” eyni aqibəti Mönhenqladbax “Borussiya”sına (2:0) və “Holştayn”a (4:2) da yaşadıb. Bundesliqanın son turunda isə o, “Bayern”ə qarşı yüksək səviyyəli oyun (3:3) keçirib.
Gənc futbolçu “Ayntraxt”ın Avropa Liqasındakı oyunlarında da uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. O, “Viktoriya” (Plzen, Çexiya) ilə məhsuldar heç-heçəyə (3:3) və “Beşiktaş” (Türkiyə) üzərində qələbəyə (3:1) nail olub. Üstəlik, Santos “Beşiktaş”la oyunun qəhrəmanı seçilib.
Bütün bunlara görə klub rəhbərliyi onu yeni müqavilə ilə mükafatlandırıb. Amma milli komandalara görə yaranmış fasilədən sonra zədəli Kevin Trapın sıraya dönməsi gözlənilir. Belədə, Santos yenə 34 yaşlı qapıçının əsas əvəzləyicisinə çevriləcək.
Kaua Santos Braziliyanın U-20 yığmasında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı qapıçının transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


