Kilian Mbappe “Real”la ÇL-dəki ilk qələbəsini şərh etdi

Çempionlar Liqasının əsas mərhələsinin “Ştutqart”la 1-ci tur oyunu (3:1) “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün düşərli olub.

Arena.az xəbər verir ki, fransalı ulduz “qaymaqlılar”ın qələbəsinə vurduğu qolla töhfəsini verib.

Bu qələbə Mbappenin Çempionlar Liqasında “Real”la ilk qələbəsi olaraq əlamətdar olub. Oyundan sonra fransalı futbolçu bu münasibətlə ürək sözlərini paylaşıb:

“Bu, əla bir axşam idi. Qələbə ilə başlamaq istəyirdik, amma çətin idi, Çempionlar Liqasında həmişə belədir. İlk oyunda qalib gəlməyimiz vacibdir. Şənbə günü isə La Liqada qələbəyə ümidliyik. “Ştutqart” yaxşı oynayırdı və hətta bəzən onlardan topu almaq belə, çətin olurdu. İkinci hissədə yaxşı çıxış etdik və tezliklə bir qol vurduq. Sonra oyun cərimə meydançasından cərimə meydançasına keçdi, amma azarkeşlərin dəstəyi sayəsində bunun öhdəsindən gəldik.

Bilirsiniz, mən hər oyunda daha çoxunu əldə edə bilərəm. Mən burada özümü daha da yaxşı hiss edirəm və çox xoşbəxtəm”, “Movistar” dərgisi Mbappedən sitat gətirir.

Öz növbəsində, “Real”ın baş məşqçisi Karlo Ançelotti də Mbappenin uğurundan doğan sevinincinə şərik olub:

“Mbappe fantastik oyunçudur. O, çox təvazökardır və çox çalışır. Kilian əla oğlandır, hamımız ondan çox razıyıq”, deyə italyan mütəxəssis vurğulayıb.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 5 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: