İspaniya millisinin hücumçusu Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində 19 yaşına çatmamış hesabı açan ikinci futbolçu olub.
Arena.az xəbər verir ki, 18 yaşlı forvard DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunda fərqlənərək adını mundial tarixinə yazdırıb.
Bu göstərici üzrə rekord üçqat dünya çempionu, braziliyalı əfsanə Peleyə məxsusdur. O, 1958-ci ildə keçirilmiş dünya çempionatında 17 yaşında olarkən Uels millisi ilə qarşılaşmada yeganə qolu vuraraq komandasına qələbə qazandırmışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə matç Yamal üçün dünya çempionatlarında ilk dəfə start heyətində meydana çıxdığı oyun olub. O, qrup mərhələsinin ilk turunda Kabo Verde ilə qolsuz bərabərliklə başa çatan görüşdə ikinci hissədə əvəzedici kimi meydana daxil olmuşdu.
Hazırda 18 yaşı olan Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.
Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya millisi isə dünya çempionatları tarixində unikal rekorda imza atıb. Son Avropa çempionu buna Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.
İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.
Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilmiş turnirdə, Kosta Rika ilə oyunda adını tabloya yazdırmışdı.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunmuş DÇ-2026 iyulun 19-da başa çatacaq.


