“Əl-Nəsr”in baş məşqçisi Luis Kastro komandasının portuqal ulduzu, hücumçu Kristiano Ronaldo ilə məşq işi haqda təəssüratını paylaşıb.
Arena.az “Al Nassr Zone” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən “Əl-Nəsr”ə nüfuz və dünyanın ən yaxşı oyunçusunu çalışdırmaq üçün gəlmişəm, bu isə nüfuzludur. Kristiano ilə məşqdə işləmək asandır. Mən inanıram ki, oyunçu nə qədər yaxşı olsa, onunla işləmək bir o qədər asan olar”, deyə Luis Kastro portuqal ulduzun simasında razılığını ifadə edib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Təcrübəli futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 27 qol vurub, 11 məhsuldar verib. Onun bu klubdakı karyerası bütövlükdə 47 oyun, 41 qol və 13 assistdən ibarətdir.
Ronaldo daha öncə “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq” kimi klubların da şərəfini qoruyub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


