Luka Modriç: “Bu, “Real”ın DNT-sidir”

“Real”ın xorvat yarımmüdafiəçisi Luka Modriç İspaniya La Liqasının 26-cı turunda “Sevilya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra “qaymaqlılar”ın həmişə qələbə üçün mübarizə apardıqlarını və heç vaxt təslim olmadıqlarını bildirib:

“Həmişə olduğu kimi, sona qədər təslim olmadıq. Biz bunu dəfələrlə göstərmişik, bu, “Real”ın DNT-sidir. Baxmayaraq ki, oyunun nəticəsini daha əvvəl müəyyən etmək istərdik. Amma bəzən belə qalib gəlmək daha da xoşdur”, deyə xorvat futbolçu bildirib.

Xatırladaq ki, “Real”ın qələbə qolunu son vaxtlar mövsümün sonunda “kral klubu”ndan ayrılacağı haqda şayiələr dolaşan xorvat yarımmüdafiəçi vurub. Modriç oyunun 75-ci dəqiqəsində meydana daxil olub və 81-ci dəqiqədə “Real”ın qələbə qoluna imza atıb.

Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 29 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 517 oyun, 39 qol, 83 məhsuldar ötürmə.

Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 172 oyuna çıxıb, 24 qol vurub, 27 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: