Luka Modriç “Real”da “taxta qızdıran” olmasından narazıdır

Madrid “Real”ının xorvat yarımmüdafiəçisi Luka Modriç yeni mövsümdə komandadakı əvəzedici rolundan narazıdır.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Modriç “kral klubu” ilə müqaviləsini yeniləyərkən, komandanın əsas heyətində oynamağa davam edəcəyini gözləyirdi. Amma italyan baş məşqçi Karlo Ançelotti xorvat yarımmüdafiəçini müntəzəm olaraq əsas heyətdə meydana buraxmağı nəzərdə tutmur.

Xatırladaq ki, bundan əvvəl 37 yaşlı Modriç bütün həyatının klubu hesab etdiyi “Real” üçün oynamaq, komandanın uğurları üçün mübarizə aparmaq istəyində olduğunu bildirmişdi. O, bu əsasla da Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin sərfəli təklifini rədd etmişdi. Modriçin “Real”la yeni müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Luka Modriç 2012-ci ildən “qaymaqlılar”ın heyətində çıxış edir. Xorvat yarımmüdafiəçi ötən mövsüm “Real”ın heyətində 52 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalına Luka Modriçi 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: