Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 9-cu turu çərçivəsində “Rudeş”lə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 5:1.
Mahir bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu komandasının qələbəsinə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib. Belə ki, o, 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. 58-ci dəqiqədə Yosip Drmiçin vurduğu sonuncu qol epizodunda isə məhsuldar ötürmə müəllifi olub. Bununla da Mahir cari mövsümdə qol sayını 3-ə, məhsuldar ötürmə sayını 2-yə çatdırıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 9 turdan sonra 16 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 35 matça çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


