Nazarov mövsümün son matçında da oynamadı

Futbol üzrə Almaniya 3-cü liqasında 2022/2023 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Bayroyt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Beləliklə, “Ersgebirge” geridə qalan mövsümdə keçirdiyi 38 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib və 17 məğlubiyyətəyə üzülüb. Aue təmsilçisi mövsümü 45 xalla 20 kollektiv arasında 14-cü pillədə başa vurub.

Dmitri Nazarov isə 2022/2023 mövsümündə meydana çıxdığı 35 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib, 8 sarı vərəqə ilə cəzalanıb.

Xatırladaq ki, “Ersgebirge” ilə müqaviləsinin müddəti bitən yığmamızın yarımmüdafiəçisi artıq azad agent hesab olunur. Ötən tur baş tutan ev oyunundan öncə Aue klubu onunla vida mərasimi də təşkil etmişdi.

Dima 2016-cı ilin iyul ayından “Ersgebirge”də forma geyinirdi. O, bu müddət ərzində Aue təmsilçisində bütövlükdə 218 oyuna çıxıb. Millimizin yarımmüdafiəçisi bu görüşlərdə 48 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Nazarov daha öncə “Karlsrue” (83 oyun, 10 qol, 7 asist) və “Proyssen Münster”də (44 oyun, 9 qol, 7 asist) forma geyinib. O, “Kayzerslautern” və “Ayntraxt” (Frankfurt) klublarının ikinci komandalarının da uğurları üçün çalışıb.

Yarımmüdafiəçi Azərbaycan milli komandasında da 45 oyuna çıxıb və 7 qol vurub. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.