Məşhur transmilli amerikan idman şirkəti “Nike” bəzi oyun formalarında loqosunu dəyişmək haqda qərar qəbul edib.
Arena.az bu barədə “Footy Headlines” dərgisinə istinadən məlumat verir.
“Nike” üçün futbol formalarının loqosunun dəyişdirilməsi şirkətin tarixindəki ən böyük inqilab olacaq. “Nike” öz rəmzini saat əqrəbinin istiqamətində 90 dərəcə çevirmək istəyir, həm də rəmz daha kiçik və fərqli rəngdə olacaq. Yeni tərtibat 2024/2025 mövsümünün üçüncü forma dəstlərində nümayiş etdiriləcək.
Nümunə olaraq sözügedən şirkət “Phantom” butslarını təqdim edib.
Xatırladaq ki, “Nike” “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “İnter”, “Liverpul”, PSG, “Çelsi”, “Atletiko Madrid” kimi məşhur klubların geyim sponsorudur. Şirkətin ən məşhur müştərisi isə Braziliya millisidir. Həmçinin Portuqaliya, Nigeriya, Fransa, ABŞ və Cənubi Koreya yığma komandaları da amerikan şirkəti ilə əməkdaşlıq edirlər.



