İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi Braziliyanın “Palmeyras” klubunun yarımmüdafiəçisi Danilonu heyətinə cəlb edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 21 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Nottingem Forest” bu transfer üçün Braziliya klubuna 20 milyon avro təzminat ödəyib. Braziliyalı futbolçu yeni komandasında 28 nömrəli formanı geyinəcək.
Tam adı Danilo dos Santos de Oliveyra olan futbolçu “Atletiko” (Kajazeyras) klubunun yetirməsidir. O, “Palmeyras”a 2020-ci ilin oktyabrında cəmi 100 min avro qarşılığında transfer olunub.
“Palmeyras”da indiyə qədər 141 oyun keçirmiş Danilo, 12 qol və 9 məhsuldar ötürmə müəllifi olub.


