Futbol üzrə Türkiyə Super Liqasının yeni klublarından olan “Pendikspor” heyətinə daha üç oyunçu cəlb edib.
Arena.az xəbər verir ki, sözügedən klub xorvat yarımmüdafiəçi Yosip Vukoviç, yunan müdafiəçi Georgios Tsavellas və türk qapıçı Erdem Canpolatla müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu oyunçuların hər biri azad agent kimi “Pendikspor”a qoşulub və imzaladıqları müqavilənin müddəti, digər detalları açıqlanmayıb.
Yosip Vukoviç 2021-ci ildən Split “Hayduk”unda forma geyinirdi. O, bu ilin əvvəlində icarə əsasında “Əl-Faysali”yə keçmişdi. 31 yaşlı dayaq yarımmüdafiəçisi daha öncə “Duqopolye”, “İstra 1961”, “Split”, “Vites”, “Olimpik” (Donetsk), “Maritimo”, “Osiyek” kimi klublarda da forma geyinib. Vukoviç Xorvatiyanın U-17 və U-19 yığmalarında da oynayıb.
Georgios Tsavellas osə 2021-ci ildən Afina AEK-ində forma geyinirdi. 35 yaşlı müdafiəçi daha öncə Türkiyədə “Alanyaspor”un da uğurları üçün çalışıb (2017-2021-ci illər aralığında). Müdafiənin həm solunda, həm də mərkəzində oynamağı bacaran futbolçu “Kerkira”, “Panionios”, “Ayntraxt” (Frankfurt), “Monako” və PAOK kimi klubların da formasını geyinib. O, Yunanıstan milli komandasında 48 matça çıxıb, 3 qol vurub.
Erdem Canpolat isə Super Liqanın digər iştirakçısı “Kasımpaşa”dan gəlib. 22 yaşlı qoliper Almaniyada dünyaya göz açıb, “Bohum”, “Şalke” kimi klubların akademiyasında olub. O, 2020-ci ildən formasını geyindiyi “Kasımpaşa”da cəmi 18 matça çıxıb, 33 qol buraxıb, 3 “quru” oyun keçirib.
Yeri gəlmişkən, “Kasımpaşa”da yarımmüdafiəçi Valentin Eysserik (Fransa, 31 yaş), sağ cinah müdafiəçisi Floran Haderjonay (Kosovo, 28 yaş), sol cinah müdafiəçisi Mortada Ben Uanes (Tunis, 29 yaş), həmçinin yerli oyunçulardan yarımmüdafiəçi Tarkan Serbest (29 yaşı) və sol cinah vingeri Ahmet Engin (26 yaş) də klubdan ayrılıblar. Bu oyunçuların hər biri hazırda azad agentdi və klubsuzdur.


