PSJ-nin sabiq futbolçusu Jan-Mişel Larke “Əl-İttihad”ın fransalı mərkəz hücumçusu Kərim Benzema haqda fikirlərini paylaşıb.
Arena.az AS dərgisinə istinadən Larkenin bu barədə fikirlərini təqdim edir:
“Benzema buna təəssüflənir. Əlbəttə ki, hər kəs istədiyini edir, amma uğur qazanmaq vacibdir. Yadımdadır, o, karyerasını “Real”da bitirmək arzusunu ifadə etmişdi. Onun imkanı vardı. O, dayana bilərdi və bir neçə titul və “Qızıl top” qazandıqdan sonra şərəf qapısından çıxa bilərdi. O, süni çempionata qoşulmaqla özünü itirib.
Hərdən Səudiyyə Ərəbistanı Liqasının oyunlarına baxıram, onun isə o ayaqları artıq yoxdur. Karyeranın qürubu dəhşətli bir şeydir. Bu, uduzulmuş döyüşdür. Artıq onun arzusu yoxdur. Bu, uduzulmuş döyüşdür və mən hiss edirəm ki, o, yüksək səviyyədə ikən gedə bilərdi. Amma bunu etmədi, çox təəssüf. “Real”da daha bir il keçirmək və ya o zaman təqaüdə çıxmaq da darıxdırıcı olardı”, deyə PSJ-nin sabiq futbolçusu bildirib.
Kərim Benzema Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad”a bu ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Benzemanın zəngin karyerasına “səyahət”
Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “Kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Kərim yeni komandası “Əl-İttihad”ın heyətində bütün yarışlarda 20 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə 2021 UEFA Millətlər Liqasını qazanıb.
Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub turnirlərinin qənimətləri var.
Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Bemzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib. Kərim 6 qolla 2007/2008 mövsümü Fransa Kubokunun və həmin mövsümdə 20 qolla Fransa Liqa 1-nin, eləcə də 2021/2022 mövsümündə 2 qolla İspaniya Super Kubokunun, 27 qolla İspaniya La Liqasının və 15 qolla Çempionlar Liqasının ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 35 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, bir müddət əvvəl Benzemanın “Əl-İttihad”ın düşərgəsini xəbərdarlıq etmədən tərk etməsi haqda məlumat yayılmışdı.


