Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünü ikinci pillədə bitirmiş “Qarabağ”ın növbəti mövsümə hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sabah, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-nə qədər davam edəcək.
Ağdam təmsilçisi iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-nə qədər davam edəcək.
Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.
“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını həmin gün Ukraynanın “Metallist” komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib “Ferentsvaroş” olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq.


