“Qarabağ” Avstriyaya yollandı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” həm bu turnirə, həm də yeni mövsümə hazırlığı davam etdirir.

Arena.az xəbər verir ki, iyunun 11-dən etibarən yeni mövsümün hazırlığına başlamış Ağdam təmsilçisində təlim-məşq toplanışının ilk mərhələsi Bakıda baş tutub.

Bu gün isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb. Azərbaycan çempionu bu ölkənin Tirol şəhərində məskunlaşacaq.

Avstriya toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Artıq bu rəqiblərdən ikisi bəllidir. Belə ki, iyunun 27-də baş tutacaq ilk oyunda rəqib Macarıstanın “Ferentsvaroş” komandası olacaq. İyulun 1-də isə Polşanın “Legiya” komandası ilə sınaq matçının keçirilməsi nəzərdə tutulub. Üçüncü rəqibin kimliyinə hələ aydınlıq gəlməyib.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Ağdam klubunun bu mərhələdəki rəqibi Cəbəllüttariqin “Linkoln” komandası olacaq. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibi keçəcəyi halda, növbəti mərhələdə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisi hər iki mərhələdə ilk görüşü səfərdə, cavab matçını evdə keçirəcək.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələnin ilk oyunları 11-12, cavab görüşləri isə 18-19 iyulda keçiriləcək.