“Qarabağ”da klubun idarə heyəti bir araya gəldi

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ikincisi olan “Qarabağ”da klubun idarə heyətinin növbəti iclası keçirilib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

İclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə edilib.

Görüş zamanı UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə istifadə olunmuç və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və “Qarabağ”ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: