“Real”: “La Liqa “Barsa”nı çempionluq yarışına “soxmağa” çalışır”

“Real” rəhbərliyi hesab edir ki, “kral klubu”na qarşı buraxılmış hakim səhvləri əbəs deyil və bunlar məqsədyönlü şəkildə icra edilir.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Madrid klubu, La Liqanın bu yolla hakimlərə təsir edərək “Barselona”nı süni şəkildə çempionluq yarışına qaytarmağa çalışdığını hesab edir. Mənbənin məlumatına görə, paytaxt təmsilçisinin düşərgəsində, “qaymaqlılar”ın La Liqanın 21-ci turunda “Almeriya” ilə oyununun (3:2) bu mənada dönüş nöqtəsi olduğuna inanırlar. Belə ki, məhz bu oyundan sonra “Barsleona”nın prezidenti Joan Laporta oyunun baş hakiminin guya “Real”ın xeyrinə aşkar tərəfkeşlik edərək qərarlar verməsi iddiasını səsləndirmişdi.

Madridlilər düşünürlər ki, Laportanın bu tənqidindən sonra La Liqa rəhbərliyi “Barselona”ya daha çox sədaqət nümayiş etdirməyə çalışırlar. Təşkilatçılar bu komandanı çempionluq yarışına qaytarmağa çalışırlar. Məhz bunun nəticəsidir ki, La Liqa “Real”a qarşı hakimlər təyin etməyə qərar verir. “Kral klubu” bu xüsusda son biabırçılığın La Liqanın 27-ci turunda “Valensiya” ilə səfər oyunda (2:2) yaşandığını əyani sübut olaraq göstərir.

Xatırladaq ki, həmin oyunda 0:2 hesabı ilə geridə olan “Real” əvvəlcə tarazlığı bərpa etmiş, ardınca isə oyunun son saniyələrində 3-cü qolu meydan sahiblərinin qapısına göndərmişdi. Məhsuldar ötürmə zamanı top havada hərəkətdə və qapı xəttini keçdiyi anda isə oyunun baş hakimi Xesus Xil Mansano oyunun bitdiyini elan edən final fitini səsləndirmişdi. Üstəlik, qərarına etiraz edən qolun müəllifi Cud Bellingemə birbaşa qırmızı vərəqə göstərmişdi.

İspaniyanın ən yaxşı hakimi Xesus Xil Mansano verdiyi bu yersiz qərarlar səbəbi ilə hazırda sosial şəbəkələrdə ciddi təhqirlərlə üzləşib. Üstəlik ispan hakimi karikaturalarla bəzəyirlər.

Hazırda “Real” 27 turdan sonra La Liqada 66 xalla vahid liderdir. “Barselona” isə 57 xalla 3-cü pillədədir.