Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə ev oyunu “Real”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoes üçün xoşagəlməz bitib.
Arena.az “Real”ın mətbuat xidmətinə istinadən məlumat verir ki, braziliyalı futbolçu zədə ehtimalı ilə tibbi müayinəyə salınıb.
Nəticələr Rodriqonun zədələndiyini təsdiqləyib: “Aparılmış tibbi müayinədən sonra Rodriqoya sağ budun ikibaşlı əzələsinin zədələnməsi diaqnozu qoyulub” – “qaymaqlılar”ın mətbuat xidmətinin açıqlamasında deyilir.
Beləliklə, Rodriqo oktyabrın 26-da İspaniya La Liqasının “Barselona” ilə 11-ci turun mərkəzi görüşü çərçivəsində keçiriləcək “el klasiko” oyununda meydana çıxa bilməyəcək.
Braziliyalı futbolçunun sağalma müddəti haqda məlumat açıqlanmayıb.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.
Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 13 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 229 oyuna çıxıb, 57 qol vurub, 43 məhsuldar ötürmə verib.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 31 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


