Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü “gümüş”lə başa vuran “Sabah” komandasının yay hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda növbəti mövsümün hazırlığına iyunun 21-də Bakıda başlayacaq. Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komanda Qəbələyə yola düşəcək.
Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Xatırladaq ki, “Sabah” qarşıdakı mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək.


