Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli sağ cinah müdafiəçisi Sedrik Brunner və çexiyalı yarımmüdafiəçi Aleks Kralı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alekslə 1, Sedriklə 2 illik müqavilə imzalanıb.
Sedrik Brunner Almaniyanın digər klubu “Arminiya”dan transfer olunub. 28 yaşlı futbolçu 2018-ci ildən sözügedən klubun uğurları üçün çalışırdı. O, daha öncə ölkəsində “Sürix”in formasını geyinib.

Aleks Kral isə Rusiyanın “Spartak” (Moskva) klubundan qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb. O, geridə qalan mövsümün ikinci hissəsini də İngiltərənin “Vest Hem” komandasında icarədə keçirib. Çexiya yığmasının üzvü 2019-cu ildən “Spartak”da çıxış edirdi. O, əvvəllər “Teplitse” və “Slaviya” (Praqa) klublarının da formasını geyinib. Çexiya yığmasında 31 oyun keçirmiş dayaq yarımmüdafiəçisi 2 qol da vurub.

“Şalke” yarımmüdafiəçisi Rabbi Matondo ilə də yollarını ayırıb. Helzenkirhen təmsilçisi 21 yaşlı vingeri Şotlandiyanın “Reyncers” klubuna satıb. Uels yığmasının üzvü olan futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Şalke”nin öz yetirməsi olan Matondo, “Stok Siti” və “Brügge”də icarədə də oynayıb. Gənc futbolçu Uels millisinin heyətində 11 matça çıxıb.

Yeri gəlmişkən, “Reyncers” də öz yarımmüdafiəçisi Co Aribonu İngiltərənin “Sauthempton” klubuna satıb. Nigeriyalı futbolçunun transferi Premyer Liqa təmsilçisinə 6 milyon funt-sterlinqə başa gəlib. “Reyncers”in bonuslarla daha 4 milyon qazanmaq şansı var. 25 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Co Aribo 2019-cu ildən “Reyncers”in uğurları üçün çalışırdı. O, əvvəllər İngiltərədə “Çarlton Atletik” və “Steyns Taun” klublarının formasını geyinib. Nigeriya yığmasında 20 oyuna çıxmış futbolçu 2 qol da vurub.


