“Bayern”in alman hücumçusu Tomas Müller komandasının UEFA Çempionlar Liqasının 1/4 final oyununda “Arsenal”a qalib gələcəyinə əmindir.
Arena.az “Get German Football News” dərgisinə istinadən, alman futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Bu, “Bayern”in keçmişdə həmişə inamla öhdəsindən gəldiyi “Arsenal” deyil. Görüləcək çox iş var, amma əminəm ki, “topçular”ı məğlub edəcəyik”, deyə Müller bildirib.
Xatırladaq ki, “Bayern” son üç oyunda qarşılaşdığı “Arsenal”ı hər dəfə 5:1 hesabı ilə məğlub edib.
Komandalar arasında ilk oyun çərşənbə axşamı, aprelin 9-da Londonda keçiriləcək. Cavab oyunu isə aprelin 17-də Münhendə baş tutacaq.
Tomas Müller “Bayern”in yetirməsidir. Müller 2009-cu ilin iyulundan Münhen klubunun əsas heyətində çıxış edir.
Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 33 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 699 oyun, 239 qol, 265 məhsuldar ötürmə.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.
Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 128 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


