Almaniyan nəhəngi “Bayern”in baş məşqçisi Tomas Tuxel təyinatından sonra komandasının düçar olduğu uğursuzluğu şərh edib.
Arena.az xəbər verir ki, Almaniyadan olan təcrübəli mütəxəssis ZDF televiziyasına açıqlamasında konkretliyi ilə diqqət çəkib:
“Əgər “Bayern”də hər şey yaxşı olsaydı, baş məşqçini dəyişməyə gərək olmazdı.
Məsələ mənim nə istəməyimdə deyil. Mənim üçün qapı açıldı və rəhbərlik başa düşməyə imkan verdi ki, vaxt çatıb. Mən məsuliyyətdən qaçmıram”.
Yeri gəlmişkən, Almaniya yığmasının və “Bayern”in sabiq yarımmüdafiəçisi Lotar Matteus Tomas Tuxel haqqında tənqidi fikirlər səsləndirib. 62 yaşlı mütəxəssis “Bild”ə açıqlamasında bunları söyləyib:
“Bayern”də hələ baş məşqçi dəyişikliyinə qədər də çoxlu səhvlərə yol verilmişdi. Bu da əvvəlki baş məşqçinin qovulmasına səbəb oldu. Bununla belə, Yulian Nagelsmannın rəhbərliyi altında “Bayern” trebl üçün istiqamət götürmüşdü. Tomas Tuxelin rəhbərliyi altında isə komanda daha da pis oynamağa başladı”.
Xatırladaq ki, “Bayern” mövsümü boşa vermək təhlükəsi ilə üz-üzədir. Komanda Bundesliqanın 32-ci turu çərçivəsində evdə “Leypsiq”ə qarşı oyunda 1:3 hesabı ilə məğlub olmaqla çempionluq şanslarını demək olar ki, heçə endirib. Belə ki, münhenlilərin məğlubiyyətindən istifadə edən Dortmund “Borussiya”sı liderliyi ələ keçirib. Hazırda Dortmund “Borussiya”sı 33 oyundan 70 xal toplayıb. 68 xal toplamış “Bayern” isə ikinci pillədə qərarlaşıb. Bundesliqanın sonuna bir tur qalıb. Həlledici turun bütün oyunları sabah keçiriləcək. Qarşılaşmaların hamısına Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.


