16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) ölkəmizdə təşkil olunmuş 3-cü MDB Oyunlarında ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, A qrupunda yer almış U-16 millimiz ilk sınağında Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb.
Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbələ şəhər stadionunda təşkil olunmuş görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək. Sentyabrın 29-da isə bu qrupun digər oyunu (Qırğızıstan – Tacikistan) görüşü baş tutacaq.
B qrupunda da Belarus, Rusiya və Özbəkistan yığmaları mübarizə aparırlar.


