UEFA namizədləri açıqladı: Həftənin oyunçuları bəlli olur

UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.

Çempionlar Liqasında namizədlər bunlardır: Rafinya (“Barselona”, İspaniya), Fil Foden (“Mançester Siti”, İngiltərə), Martin Edeqor (“Arsenal”, İngiltərə), Antuan Qrizmann (“Atletiko”, İspaniya).

Rafinya səfərdə PSJ-yə 3:2 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.

Foden Madrid “Real”ı ilə səfərdəki məhsuldar heç-heçəyə (3:3) 1 qolla töhfə verib. Onun bu oyundakı ötürmələrinin 88 faizi dəqiq olub.

Edeqor da “Bayern”lə 2:2 hesablı heç-heçədə 88 faiz dəqiq ötürmə ilə yadda qalıb. O, həm də bu oyunda 12,02 km məsafə qət edib.

Qrizmann isə Dortmund “Borussiya”sına 2:1 hesabıyla qalib gəldikləri ev oyununda 1 assistlə yadda qalıb.

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər bunlardır: Paulo Dibala (“Roma”, İtaliya), Canluka Skamakka (“Atalanta”, İtaliya), Yonas Hofmann (“Bayer”, Almaniya), Rafa Silva (“Benfika”, Portuqaliya).

Dibala “Milan”a 1:0 hesabıyla qalib gəldikləri səfər matçında məhsuldar ötürmə müəllifi olub.

Skamakka “Liverpul”u səfərdə 3:0 hesabıyla darmadağın etdikləri görüşə dubl etməklə damğa vurub.

Hofmann “Vest Hem”lə ev oyunundakı 2:0 hesablı qələbədə 1 qol və 1 assistlə pay sahibi olub.

Rafa Silva da Marsel “Olimpik”ini 2:1 hesabıyla yendikləri görüşdə 1 qola imza atıb.

Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu adına bunlar namizədlər məlumdur: Con Makqin (“Aston Villa”, İngiltərə), Martines Kuarta (“Fiorentina”, İtaliya), Hans Vanaken (“Brügge”, Belçika), Kostas Fortunis (“Olimpiakos”, Yunanıstan).

Makqin “Lill” üzərində qazanılmış 2:1 hesablı qələbədə 1 qol və 1 assistlə töhfə verib.

Kuartanın Plzen “Viktoriya”sı ilə səfər oyunundakı (0:0) ötürmələrinin 89 faizi dəqiq olub.

Vanaken də doğma meydanda PAOK-a 1:0 hesabıyla qalib gəldikləri oyunda 84 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Fortunis isə “Fənərbaxça”ya 3:2 hesabıyla qalib gəldikləri oyunda qollardan birinin müəllifi olub.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermənin yekununa əsasən müəyyənləşəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: