“Real”ın braziliyalı sol vingeri Vinisius Junior ardıcıl ikinci dəfə Cənubi Amerikanın ən yaxşı oyunçusu kimi EFE mükafatına layiq görülüb.
Arena.az məlumat verir ki, “Vinni” ötən mövsüm 23 qol vurub və “Real”ın İspaniya Kral Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanmasına öz töhfəsini verib.
“Bu mükafat mənim üçün çox vacibdir, çünki mən hər gün ən yaxşı nəticə göstərmək və komandaya kömək etmək üçün çalışıram. Klub mənə fərdi mükafatlar qazanmağımda kömək edir və mən də komanda yoldaşlarıma təşəkkür etməliyəm. Daha çox kuboklar qazanmaq üçün eyni ruhda davam etmək istəyirəm.
Bu qədər futbol əfsanəsi ilə birlikdə bu siyahıda olmaqdan qürur duyuram. Qələbələri davam etdirmək və adımın bu klubun tarixinə yazılması üçün çox çalışmaq istəyirəm. Bu mövsüm etdiyim hər şeydən razıyam və ümidvaram ki, belə davam edib “Real”ı üçün qənimətlər qazanacağıq”, deyə Vinisius mükafatın təqdimat mərasimində deyib.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 248 oyun, 71 qol, 71 məhsuldar ötürmə.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


