Bu gün “Sumqayıt”la yollarını ayırdığı rəsmən açıqlanan Vurğun Hüseynov gözlənildiyi kimi, “Kəpəz”ə transfer olunub.
Arena.az xəbər verir ki, Gəncə klubu təcrübəli müdafiəçinin keçidini sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.
35 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Bu, “Kəpəz”in yeni mövsüm üçün ilk transferidir.
Xatırladaq ki, Vurğun Hüsüynov 2013-cü ilin yayından “Sumqayıt”ın şərəfini qoruyurdu. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 229 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib. Vurğun Azərbaycan milli komandasında da 15 oyun keçirib, 1 qola imza atıb.
“Kəpəz” buna qədər yalnız Elçin Əlicanovla yeni müqavilə bağladığını, Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı və Georgi Kantariya ilə də yollarını ayırdığını açıqlamışdı.




