Futbol üzrə Almaniya Bundesliqasında uğursuz mövsüm keçirən “Maynts” komandasının baş məşqçi Yan Zivert istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
41 yaşlı alman mütəxəssis komandanın cari mövsümdəki uğursuz çıxışına görə istefa verib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Yan Zivert bu postda 2023-cü ilin noyabr ayında istefaya göndərilmiş Bo Svenssonu əvəz etmişdi. O, əvvəlcə müvəqqəti baş məşqçi təyin olunsa da, sonradan postunda saxlanılmışdı. Amma uğursuz gedişat dəyişmədiyi üçün, Zivert də postundan ayrılmaq məcburiyyətində qalıb.
Zivert bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. “Maynts” bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 6 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.
“Maynts” Almaniya Bundesliqasının cari mövsümündə ən uğursuz çıxış edən iki komandadan biridir. Belə ki, geridə qalmış 21 turda cəmi 1 qələbəsi olan komanda 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. “Maynts” hazırda 12 xalla 18 iştirakçı arasında 17-ci pillədədir. Sonuncu pillədə olan “Darmştadt” da eyni xal toplayıb.