Futbol üzrə Almaniya milli komandasının dayaq yarımmüdafiəçisi Yulian Vayql karyerasını Mönhenqladbax “Borussiya”sında davam etdirəcək.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi bu mövsümün əvvəlində Portuqaliyanın “Benfika” klubundan icarəyə götürdüyü 27 yaşlı futbolçunu komandada saxlamağa qərar verib.
Bu üzdən də klub Vayqlın transfer hüquqlarını alıb. Almaniya təmsilçisi bunun üçün “Benfika”ya 7.18 milyon avro ödəyib. Futbolçunun özü ilə də 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Almaniyalı yarımmüdafiəçi bu mövsümün əvvəlindən etibarən “Borussiya”da 21 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Yulian Vayql peşəkar karyerasına “1860 Münhen” klubunda başlayıb. 2015-ci ildə isə o, Dortmund “Borussiya”sına transfer olunub. Yarımmüdafiəçi beş il formasını geyindiyi Dortmund klubunda 171 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürməyə imza atıb. O, 2020-ci ildə transfer olunduğu “Benfika”da da 115 matçda 5 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Vayql Almaniya milli komandasında 6 oyun keçirib.