PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Səudiyyə Ərəbistanı klublarının Çempionlar Liqasında mümkün iştirakı barədə fikrə münasibətini bildirib.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir:
“Avropanı təmsil etməyən klubların turnirdə iştirak edəcəyini düşünmürəm. Sonralar nə olacağını bilmirəm, amma hazırda Çempionlar Liqasında başqa komandaların oynayacağını düşünmürəm.
Əgər bu, superkuboksayağı turnir və ya başqa bir şey olacaqsa, niyə də olmasın?”, deyə Əl-Xelaifi marağını ifadə edib.
Xatırladaq ki, bir müddət əvvəl İtaliya mətbuatı Ərəbistan Futbol Federasiyasının Səudiyyə Ərəbistanı komandalarının 2025-ci ildən etibarən Çempionlar Liqasında iştirakına icazə vermək üçün UEFA ilə fəal danışıqlar apardığını bildirmişdi. Məlumatda bildirilib ki, ərəblərin ideyası Səudiyyə Ərəbistanı komandalarına 2025-ci ilə qədər tamamilə dəyişdiriləcək yeni tərtibat əsasında təşkil ediləcək Çempionlar Liqası turnirində “uayld-card” (wild card) ilə iştirak imkanı verməkdir. İştirakçıların sayı 36-ya yüksəldiləcək və bütün klublar üçün vahid qrup olacaq.


