Ötən ilin yayında “Qəbələ”dən ayrılmış belçikalı hücumameyilli yarımmüdafiəçi Əyyub Allaş yenidən Azərbaycana qayıdıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Bu barədə Naxçıvan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib. Əslən Mərakeşdən olan belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay +1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Əyyub Allaş 2023-cü ilin fevral ayından 2024-cü ilin iyuluna kimi “Qəbələ”nin uğurları üçün çalışıb. Yarımmüdafiəçi əyalət klubunun heyətində 56 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub. 2024-cü ilin iyul ayında isə o, “Qəbələ”ni tərk edərək Moldova “Şerif”inə keçib. Allaş bu komandada əsas heyət üzvünə çevrilə bilmədiyi üçün Moldova klubunu vaxtından öncə tərk etməyə qərar verib. Belə ki, o, cari mövsümdə “Şerif”in heyətində cəmi 5 oyuna çıxıb.
Allaş daha öncə “Virton”, “Lyers”, “Svope Park Reyncers” və “Lyers Kempenzone” klublarında da forma geyinib. Əyyub Mərakeşin U-20 milli komandasının uğurları üçün çalışsa da, əsas millidə debüt şansı qazanmayıb.


