Rəşad Sadıqov: “Zirə”də sağlam rəqabət var”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, Tovuzda baş tutan və 4:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlənildiyi kimi, gərgin və sərt başladı. “Kəpəz”in belə aqressiv oynayacağını bilirdik. Birinci hissə bizim üçün ağır keçdi. Buna baxmayaraq, iki baxımlı qol vurduq. Rəqibin ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını bilirdik. Belə də oldu. Şükürlər olsun ki, 3-cü qolu vura bildik. Bizim üçün çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm.

Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Rəqib kompakt və etibarli oynayır. Fasiləyə qədər vacib oyunlarımız var. Son matçlarda hücum xəttinin daha yaxşı oynadığını düşünmürəm. Həm hücumda, həm də müdafiədə eyni oynayırıq. Sadəcə, son oyunlarda əlimizə düşən fürsətləri dəyərləndirə bilirik. Ümid edirəm ki, qarşıdakı matçlarda da qol fürsətlərindən yararlana bilərik”.

Rəşad Sadıqov əsas qapıçı Tyaqo Silvanın son oyunlarda az oynamasına da toxunub:

“Tyaqo hazırda çox yaxşı formadadır. Bizim bir nömrəli qapıçımız Silvadır. Bu gün Aydın Bayramova şans verdik. Aralarında rəqabət var. İmkan olsa, Silvanı çıxarardıq. Amma Aydın da ona göstərilən etimadı doğruldur. Təkcə Tyaqo yox, bəzi futbolçuları limitə görə oynada bilmirik. Əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən bunları nəzərə almışdıq. Elçin Əlicanov da uzun müddətdir oynamırdı. Amma inamlı çıxış edir. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, 11 dəyişilməz oyunçu olmasın. Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın. Komandamızda sağlam rəqabət var”.

Azər Bağırov yenə hakimlərdən gileyləndi

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə darmadağına belə şərh verib:

“Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Rəqib Ehtiram Şahverdiyevi yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. “Zirə”ni təbrik edirəm.

Heç olmasa 2 qol vurmalı idik. Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.

Yuxarı pillə ilə də çox böyük fərqimiz yoxdur. Gücləndircəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır. Klubun hədəfi Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: