“Real”ın xorvat yarımmüdafiəçisi Luka Modriç xəstəliyə – qrip virusuna yoluxaraq, “qaymaqlılar”a kömək edə bilməyəcək.
Arena.az bu barədə “Real” rəsmi saytına istinadən məlumat verir:
“Luka Modriç virus xəstəliyi səbəbindən “Malyorka” ilə bugünkü oyunda iştirak edə bilməyəcək. Dəyişiklikləri izləyəcəyik”, – “Real”ın mətbuat xidməti bildirib.
Xatırladaq ki, “Real” – “Malyorka” oyunu bu gün, yanvarın 9-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 27 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 562 oyun, 41 qol, 90 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.
Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


