Türkiyənin “Hatayspor” klubunun sol vingeri Riqoberto Rivas Super Liqa təmsilçisindən ayrılaraq “Kocaelispor”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu yeni klubu ilə 6 ay + 2 illik müqaviləyə imza atıb. Transferin digər detalları barədə məlumat verilmir.
Riqoberto Rivas əslən Hondurasdan olsa da, peşəkar karyerasına İtaliyada başlayıb. “Fiorentina”, “Sestese”, “Prato” və “İnter” kimi klubların futbol akademiyalarından keçmiş futbolçu “Breşiya”, “Ternana” və “Recina”da da oynayıb. O, 2023-cü ildən “Hatayspor”un uğurları üçün çalışırdı. Honduraslı vinger Hatay təmsilçisinin əsas komandasında 49 oyuna çıxıb, 6 qol və 6 assistlə yadda qalıb.
Hondurasın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Rivas, 2019-cu ildə əsas millidə debüt edib. O, millidə 25 oyun keçirib və cəmi 4 assist müəllifi ola bilib.
“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.


