İkinci Liqada mübarizə aparan “Şəfa” komandası Azərbaycanda 2024/2025-ci illər mövsümünün rekorduna imza atıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 2024/2025-ci illər mövsümündə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.
“Şəfa” İkinci Liqanın 17-ci turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar İkinci Liqada 2024-cü il oktyabrın 18-də keçirilmiş ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub etmişdilər. Ən böyük səfər qələbəsi isə “Şahdağ Qusar”a məxsus idi. İkinci Liqanın lideri ötən il oktyabrın 7-də “Lerik”in qapısından 7 cavabsız top keçirmişdi.
Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub. Sonuncu belə oyun 2016/2017-ci illər mövsümündə qeydə alınıb. 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub etmişdi. 10 top fərqi isə sonuncu dəfə həmin matçdan 16 gün əvvəl yaşanmışdı. “Zaqatala” “Energetik”in qapısından evdə 10 top keçirmişdi. Bunadək səfərdə ən azı 10 qol vuran son komanda “Neftçala” olub. 2015/2016-ci illər mövsümündə “Energetik”in qonağı olan neftçalalılar 3476 gün əvvəl – 2015-ci il sentyabrın 11-də 12:0 hesablı qələbə qazanmışdılar. “Şəfa” son 9 mövsümdə səfərdə ən çox qol vuran və ən böyük qələbə qazanan komanda olub.



