Rafinya özünü “Qızıl top”un gələcək qalibi olaraq görürmü?

“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya özünü “Qızıl top”un gələcək sahibi olaraq görüb-görmədiyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Globo Esporte” dərgisinə istinadən, braziliyalı ulduzun müvafiq cavabını təqdim edir:

“Mənim hədəfim – qollar vurmaq, məhsuldar ötürmələr vermək və “Barselona” və milli komanda ilə qənimətlər qazanmaqdır. Əgər komanda yaxşı çıxış edirsə, onda əlbəttə, fərdi oyun təzahür edir. Amma “Qızıl top”a iddiaçılar arasında olmağın özü – bu, bütün keçdiklərimdən sonra, mənim üçün artıq qələbədir”, deyə Rafinya vurğulayıb.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 42 oyun keçirib, 27 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 129 oyun, 47 qol və 45 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 32 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: