Futbol üzrə Qabon yığmasının və Çinin “Qrintaun” klubunun 28 yaşlı hücumçusu Aaron Bupendza bədbəxt hadisə nəticəsində ölüb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Qabonlu futbolçu bu gün binanın 11-ci mərtəbəsindən düşərək dünyasını dəyişib. Bupendzadan xəbər alan bilməyən klub rəsmiləri polisə müraciət ediblər. İlkin ehtimala görə, Bupendza özünü 11-ci mərtəbədən atıb.
Daha bir iddiaya görə, Bupendza faciə baş vermiş gün mənzildə qardaşı ilə birlikdə olub. Hüquq-mühafizə orqanları ölüm işi açıblar. Hazırda üç seçim araşdırılır: intihar, bədbəxt hadisə və futbolçunun, qardaşı ilə mübahisə zəminində öldürülməsi.
Aaron Bupendza “Qrintaun”a bu ilin yanvar ayında Rumıniyanın “Rapid” klubundan 800 mion avro qarşılığında keçmişdi. O, Çin klubunun heyətində 6 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Aaron Bupendza karyerası ərzində “Hatayspor”, “Sinsinatti”, “Po”, “Əl-Ərəbi”, “Əl-Şabab”, “Tur”, “Feyrense”, “Rapid”, “Ayaçço”, “Bordo” kimi klublarda forma geyinib.
Böyük futbolda heç bir qənimət qazanmasa da, Bupendza “Hatayspor”da çıxış edərkən, 2020/2021-ci illər mövsümü Türkiyə Super Liqasının 22 qolla ən sərrast futbolçusu olub.
Hücumçu 2016-cı ilin yanvar ayında debüt etdiyi Qabon milli komandasında 29 oyuna çıxıb və 5 qola imza atıb.


