“Betis”lə “Çelsi” Konfrans Liqasında yarımfinala yüksəldilər

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün bütün yarımfinalçıları müəyyənləşiblər.

Arena.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılşamalarının hamısı eyni gündə keçirilib.

İtaliya təmsilçisi “Fiorentina” doğma meydanda Sloveniyanın “Çelye” komandası ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı cavab görüşündə qalib müəyyənləşməyib. Bu, səfərdə baş tutan ilk oyunda qələbə qazanmış Florensiya təmsilçisini növbəti mərhələyə daşıyıb.

Turnirin digər əsas favoriti “Çelsi” isə İngiltərədə Polşa “Legiya”sı ilə qarşılaşıb. Üç qolluq bu görüşdə “zadəganlar” gözlənilməz məğlubiyyətə üzülüblər. Amma ilk oyundakı darmadağın London təmsilçisini yarımfinala çıxarıb.

İspaniya təmsilçisi “Betis” Polşada “Yagelloniya”nın, İsveç “Yurqorden”i isə Avstriyada “Rapid”in qonağı olub. “Yurqorden” əlavə vaxt getmiş oyunda darmadağın sayəsində mərhələ adlayıb. “Betis” isə ev oyunundakı heç-heçəyə rəğmən, səfərdə qazandığı inamlı qələbə sayəsində yarımfinala çıxıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə mayın 1-də start veriləcək. Finala vəsiqə uğrunda “Fiorentina” “Betis”lə, “Çelsi” isə “Yurqorden”lə mübarizə aparacaq.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
17 aprel

“Fiorentina” (İtaliya) – “Çelye” (Sloveniya) 2:2
Qollar: Mandraqora, 37. M.Kin, 67 – Matko, 54. Nemaniç, 65.
İlk oyun – 2:1.

“Yagelloniya” (Polşa) – “Betis” (İspaniya) 1:1
Qollar: Çurlinov, 81 – Bakambu, 78.
İlk oyun – 0:2.

“Çelsi” (İngiltərə) – “Legiya” (Polşa) 1:2
Qollar: Kukurelya, 33 – Pexart, 10-pen. Kapuadi, 53.
İlk oyun – 3:0.

“Rapid” (Avstriya) – “Yurqorden” (İsveç) 1:4
Qollar: Une-Larsson, 45+1-öz qapısına – Danielson, 42-pen. Kosuqi, 77. Qulliksen, 93; 105.
İlk oyun – 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: