“Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller alman klubuna çoxillik sədaqəti haqda söhbət açıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, veteran futbolçunun müvafiq fikrini təqdim edir:
“Bayern” – çox gözəl klubdur, mən isə heç vaxt getmək istəməmişəm. Əlbəttə, hər şeyin heç də yaxşı getmədiyi vaxtlar da olub. Məsələn, mənim keçmiş məşqçim Lui van Qal məni İngiltərəyə gətirmək istəyirdi, amma onda mən getmədim. Və budur, indi bunca illər sonra mən hələ də buradayam və özümü yaxşı hiss edirəm”, deyə Müller vurğulayıb.
Xatırladaq ki, cari mövsümün başa çatması ilə Müller nəhayət “Bayern”dən ayrılacaq – Münhen klubunun rəhbərliyi belə qərara gəlib.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edir.
Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 40 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 747 oyun, 248 qol, 274 məhsuldar ötürmədən ibarətdir.
Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


