Donetsk “Şaxtyor”u Marino Puşiçi istefaya göndərdi

Donetsk “Şaxtyor”u 53 yaşlı niderlandlı mütəxəssis Marino Puşiçi “şaxtaçılar”ın baş məşqçisi vəzifəsindən istefaya göndərib.

Arena.az bu barədə “Şaxtyor”un mətbuat xidmətinə istinadən məlumat verir.

Rəhbərlik Puşiçlə yollarını “Şaxtyor”un uğursuz nəticələrinə görə ayırıb. Donetsk klubu Ukrayna Premyer Liqasını 3-cü yerdə bürünc medalla başa vurub. Puşiçi Ukrayna Kubokunun final oyununda “şaxtaçılar”ın əzəli rəqibi Kiyev “Dinamo”su üzərində qələbə də (1:1, penaltilərlər 6:5) xilas etməyib.

Marino Puşiç “Şaxtyor”u 2023-cü ilin oktyabrından çalışdırırdı. Bu müddətdə Puşiç “şaxtaçılar”ı 71 oyuna çıxarıb, 45 qələbə, 12 heç-heçə, 14 məğlubiyyət yaşayıb, top fərqi isə 148:76 nisbətindədir.
Puşiç “Şaxtyor”a Ukrayna çempionluğunu (2023/2024) və Ukrayna Kubokunu (2023/2024, 2024/2025) qazandırıb.

Mətbuatdakı şayiələrə görə, “Şaxtyor” rəhbərliyi “şaxtaçılar”ın sükanı arxasına 38 yaşlı türk mütəxəssis Arda Turanı təyin etmək niyyətindədir. Danışıqların uğurla getdiyi bildirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: