Futbol üzrə İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal “Transfermarkt” portalına görə dünyanın ən bahalı futbolçusu olub.
Arena.az bu barədə sözügedən portala istinadən xəbər verir.
Belə ki, hazırda Yamalın transfer dəyəri 200 milyon avro məbləğində qiymətləndirilir. Yenilənmiş reytinqdə 17 yaşlı futbolçunun dəyəri 20 milyon avro artıb. O, həmçinin Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə görə ən bahalı oyunçu olub. Təşkilat onun bazar dəyərini 402,3 milyon avro olaraq qiymətləndirib.
“Transfermarkt”a görə, Yamaldan başqa, ən bahalı 10 oyunçu siyahısına aşağıdakılar daxildir:
Cud Bellingem (“Real”) – 180 milyon avro;
Erlinq Haland (“Mançester Siti”) – 180 milyon avro;
Kilian Mbappe (“Real”) – 180 milyon avro;
Vinisius Junior (“Real”) – 170 milyon avro;
Bukayo Saka (“Arsenal”) – 150 milyon avro;
Pedri (“Barselona”) – 140 milyon avro;
Florian Virts (“Bayer”) – 140 milyon avro;
Camal Musiala (“Bayern”) – 140 milyon avro;
Federiko Valverde (“Real”) – 130 milyon avro.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.


