Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu gün qardaş ölkə təmsilçisi “Çorum”la üz-üzə gəlib.
Fanatik Tur Meydançalarında baş tutmuş matç “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun heyətində Abdul Aziz Batibye (60) və Şahmar Aşurov (71) fərqləniblər.
Xatırladaq ki, Türkiyə klubunun heyətində Azərbaycan yığmasının dayaq yarımmüdafiəçisi Coşqun Diniyev də mübarizə aparıb.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzmuşdu. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.
Qeyd edək ki, “Zirə” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Komanda bu turnirin 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci km stadionunda keçiriləcək. Bu matça saat 19:30-da start veriləcək. Cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


