Katsper Rosa “Kəpəz”də – Rəsmi

Polşanın “Motor” klubundan azad agent kimi ayrılmış qapıçı Katsper Rosa bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Bildirilir ki, transfer çalışmaları çərçivəsində “Kəpəz” bu gün daha bir futbolçunu heyətinə cəlb edib. Gəncəlilər polşalı futbolçu Katsper Rosanı transfer ediblər. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi “Motor” olub. O, 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub. Rosa “Motor”da bütövlükdə 40 oyun keçirib, 57 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

Polşalı qolkiper karyerası ərzində “Rıbnik”, “Odra”, “Svit”, “Stilon”, “Visla” (Krakov), “Yagelloniya” və “Lexiya” (Qdansk) klublarında da forma geyinib.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev və Otar Aptsiaurini də heyətinə qatmışdı. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli Gəncə klubunu tərk ediblər. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə isə yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: