Elmar Baxşıyev: “Ucuz penaltini lehimizə də istəmərəm”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 2-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi səfər oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb.

Elmar Baxşıyev matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun alındı. Hər iki komanda meydançada çoxlu mübarizə apardı. Bu gün meydanda istədiyimizi etməyə çalışırdıq. İstədiyim komandanı meydanda gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə, hücum və müdafiə planında daha da yaxşı olacağıq”.

Elmar Baxşıyev Avropa Konfrans Liqasında “Omoniya”ya (Kipr) böyük hesablı məğlubiyyətlərin komandaya psixoloji təsirləri və özünün mümkün istefası ilə bağlı yayılmış xəbərləri də şərh edib:

“İlk dəfə ölkəmizi avrokuboklarda təmsil edirdik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, amma alınmadı. Təzyiqə gəldikdə, 5 ildir ki, mövsümün əvvəlində məni istefaya göndərirlər. Şayiələr normaldır. Onu da hansısa insanlar yaradırlar. Şayiələrə fikir verib, işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olacağıq. Tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam o geridönüşü etməyi bacarır. Kollektiv bərkdir, futbolçulara inanıram. Turlar getdikcə daha da yaxşı “Araz-Naxçıvan” görəcəksiniz”.

Elmar Baxşıyev komandasının qapısına təyin edilmiş penalti qərarı ilə razılaşmadığını da bildirib:

“Mən də planşetdən baxıram. Ucuz penaltini heç öz lehimizə də istəmərəm. Penalti qərarı səhv idi”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının yeni mövsümdəki ilk məğlubiyyəti barədə bunları söyləyib:

“Bərabər səviyyəli komandaların oyununda həlledici qollar əsas rol oynayır. Standartda və ya bəzi epizodda konsentrasiya itirilir, diqqətsizlik olur. Təəssüf ki, künc zərbəsindən sonra qol buraxdıq. Əlimizə düşən imkanlardan da yararlana bilmədik.

Bəzi futbolçularımız var ki, tam hazır deyillər. Alexandro Serrano ilə yanaşı, Jonun, Filip Ozobiçin, Enrikenin də tam hazır olmasını gözləyirik. İbrahima Vadji də 90 dəqiqə oynamağa hazır deyil. Toplanış keçməyiblər. Ümidvaram ki, növbəti turlarda oynayacaqlar. Denis Marandiçə gəlincə, o, təkrar əməliyyat edilib. Allaha şükür, uğurlu alındı. Əsa ilə yeriyir. Yavaş-yavaş ayaq üstünə basa bilir. Qışdan sonra sıralarımıza qoşulacaq. Komandaya yeni oyunçuların qoşulması da mümkündür. Axtarışdayıq. Amma vaxtımız çox azdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: