Adam Buksa “Udineze”yə keçdi

Danimarkanın “Midtyulland” klubunun polşalı mərkəz hücumçusu Adam Buksa bundan sonra “Udineze”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi bu transfer üçün Danimarka klubuna 5 milyon avro ödəyib. 29 yaşlı forvardla 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Adam Buksa peşəkar karyerasına “Lexiya” (Qdansk) klubunda başlayıb. O, “Zaqlembe”, “Poqon”, “Nyu İnqlend Revolyuşn”, “Lans”, “Antalyaspor” kimi klublarda da çıxış edib. Buksa 2024-cü ilin yayında 4 milyon avro müqabilində “Lans”dan “Midtyulland”a keçmişdi. Polşalı hücumçu Danimarka klubunun heyətində 45 oyuna çıxıb, 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Buksa Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynadıqdan sonra 2021-ci ildə əsas millidə debüt edib. Hücumçu əsas millinin heyətində meydana çıxdığı 23 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: