Futbol üzrə Mozambik yığmasının və Zirə”nin yarımmüdafiəçisi, “Quima” ləqəbli Rikardo Martins Gimaraynş millidə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, qəsəbə təmsilçisinin legioner futbolçusu DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyununda iştirak edib.
G qrupunda yer almış Mozambik millisi səfərdə Uqanda ilə üz-üzə gəlib. Rikardo Martins Gimaraynş da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxmış Quima 56-cı dəqiqədə Manuel Kambala ilə əvəzlənib.
Matç Mozambik yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Seçmə mərhələdə ardıcıl ikinci matçda uduzmuş Rikardo Martins Gimaraynşın komandası qrupda üçüncü yerə düşüb. 12 xala malik Mozambik sona 3 tur qalmış turnir cədvəlində Uqanda və Əlcəzairdən geri qalır.
Qeyd edək ki, Mozambik millisi sentyabrın 8-də Botsvana ilə də görüşəcək. Bu oyun doğma meydanda baş tutacaq.
Quima bu ilin əvvəlində azad agent kimi “Zirə”yə qoşulub. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi mövcuddur. 29 yaşlı yarımmüdafiəçi indiyə qədər “qartallar”ın heyətində cəmi 6 oyuna çıxıb.
Rikardo Martins Gimaraynş Portuqaliyada dünyaya göz açıb. O, peşəkar karyerası ərzində Portuqaliyanın “Oliveyrense”, “Koimbra”, “Sportinq” (B), “Akademika”, “Şaveş”, Polşanın LKS (Lodz) və Türkiyənin “İğdır” klublarında çıxış edib.
Quima 2023-cü ilin sentyabr ayından Mozambik millisində oynamağa başlayıb. O, bu komandanın heyətində meydana çıxdığı 17 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.


