“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Qəbələdə baş tutmuş oyunda meydan sahibləri böyük hesabla qalib gəliblər – 3:0.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Öncə “Qarabağ”ı “Benfika” üzərindəki tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə futbolu üçün əhəmiyyətli qalibiyyətdir. Öz komandamı da təbrik edirəm. Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik. Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Prins Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Hətta oyunda daha yaxşı alındı. Ziya Şəkərxanov Premyer Liqada debüt etdi. Qol da vura bilərdi. O, son vaxtlar çox inkişaf edib. Hədəfimiz Premyer Liqada qalmaqdır. Bunun üçün çalışırıq”.
Kaxaber Sxadadze cari mövsümdəki ilk qələbənin gec gəlməsinə də münasibət bildirib:
“Hər iki tərəfdə gərginlik var idi. Çünki oyun iki komanda üçün də vacib idi. Biz yorulmadıq, əksinə rəqibi yorduq. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Heç bir rəqibdən geri qalmırdıq. Yaxşı oynaya-oynaya qələbə qazanmırdıq deyə, futbolçularda gərginlik var idi. Bu da psixoloji məsələdir. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq. Meydanda bir oyun var. Sadəcə futbolçular gəncdir. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir”.
Kaxaber Sxadadze növbəti turda qarşılaşacaqları “Qarabağ”la oyuna da toxunub:
“Qarabağ”a böyük hörmətlə yanaşırıq. Fikirmcə, Qurban Qurbanov Avropada ən yaxşı 5 baş məşqçidən biridir. Bunu “Benfika” ilə oyundan əvvəl demişdim. Həmin matç da haqlı olduğumu göstərdi. Qorxmadan oynayacağıq, qapımızın qarşısında avtobus qurmayacağıq”.
Adil Şükürov istefaya hazırdır
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Qəbələ”ni təbrik edirəm. Onlar əllərinə düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox məqamlarda futbolçularla ortaq məxrəcə gələ bilmirik. Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmirlər. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur”.
Adil Şükürov azarkeşlərlə münasibətlərinin pisləməsinə və oyundan sonra bir azarkeşlə mübahisə etməsinə də aydınlıq gətirib:
“Burada oynadığım vaxt bizim başımıza çox oyun gətirmişdilər. Hətta bizi zəhərləmişdilər. “Kəpəz” mənə çox əzizdir. Ona görə də, kimsə nəsə deyəndə, mənə çox pis təsir edir. Elə adamlar var ki, heç “Kəpəz”in tarixindən xəbəri yoxdur. Mübahisəyə gəlincə, azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil. İstefaya göndərilməyimə gəlincə, bu, realdır. Yəqin ki, sağollaşacağıq”.


