AFFA “Şəki” rəsmisinə 6 aylıq cəza verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 4-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Həmin qərarlarla sizi də tanış edirik:

“Ağdaş” – “Quba” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçusu Elvin İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 150 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçusu Ağamurad Hüseynov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” 250 manat cərimə edilib. Oyun bitdikdən sonra “Quba”nın futbolçusu Nihad Əliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Quba” buna görə 800 manat cərimə edilib.

“Dinamo” – “Göygöl” oyununda “Dinamo”nun həkimi olmadığına görə sözügedən klub 100 manat cərimə edilib. Bu oyunda “Göygöl” komandasının da həkimi olmadığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Göygöl” 150 manat cərimə edilib.

“Xankəndi” – “Şəki” oyununda “Xankəndi”nin futbolçusu Əziz Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Xankəndi” buna görə 1000 manat cərimə edilib.

“Şəmkir” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün Ağstafa təmsilçisi 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” 250 manat cərimə edilib.

“Kür-Araz” – “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” 200 manat cərimə edilib.

2-ci Liqada çıxış edən “Şəki” komandasının rəsmisi Elgün Hüseynov bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: