Dambrauskas: “Son saniyələrdə baş verənlər hamımızı üzdü”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 7-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Şamaxıda baş tutmuş oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün birinci saniyədən sona qədər dominant tərəf biz idik. İki qol vurduq, amma daha çox qol vura bilərdik. Oyunçularımın daha çox qol vurmasını istəyərdim ki, özlərinə inamı artırsınlar. Üç xal əldə etdik. Son saniyələrdə baş verənlər hamımızı üzdü. Biz Allaha dua edəcəyik ki, Mikelsə heç nə olmasın. Çünki bu tip zədələr bəzən çox ciddi olur”.

Dambrauskas Mikelsi kimin əvəzləyəcəyinə dair sualı da cavablandırıb:

“Bu, bizdə birinci və sonuncu zədə deyil. Təəssüf ki, futbolda belə hallar baş verir. Əlimizdə kimlər varsa, onların xidmətindən istifadə edəcəyik. İtkilərimiz çoxdur. Heç vaxt məndən şikayət eşidə bilməzsiniz ki, “oyunçular oynamadı deyə, uduzduq” kimi açıqlama verəm. Sizə milyon faiz zəmanət verə bilərəm ki, “Sabah” qarşıdakı turda da meydana 11 hazır oyunçu ilə meydana çıxacaq”.

“Karvan”ın baş məşqçisi Azər Həşimov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Dəyişiklik etməyə çalışdıq ki, qollar vuraq. Amma alındıra bilmədik və “Sabah” qalib gəldi. Onları təbrik edirəm. Zədəlilərimiz var. Ona görə qol vurmaqda çətinlik çəkirik.

Kamran İbrahimov “Neftçi” ilə oyunda ən yaxşılardan idi. Bu gün də pis dayanmadı. Doqquzluğa gedən qol oldu. O da az-az görünən qollardandır. Futbolçularımıza da Kahim Parrisin fərdi keyfiyyəti ilə bağlı məlumat vermişdik. Amma rəqib oradan qapıya zərbə vurmaq yox, ötürmə edirdi. Top da qapıya daxil oldu. O epiozdda Kamran yox, başqası da olsaydı, bəlkə də yenə qol alınacaqdı.

Bu yaxınlarda AFFA-dan gəlib stadionumuza baxacaqlar. Ondan sonra qərar veriləcək. Bizim üçün də asan olardı. Meydançamız hazır olduqdan sonra öz azarkeşlərimizin qarşısında oynamaq bizi ruhlandırardı. Onların dəstəyinə ehtiyacımız var. Bütün oyunları səfərdə keçiririk. Bu da yeni yaranmış komanda üçün çətinlik yaradır. Sabah AFFA-dan gəlib stadionumuza baxacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaş: