Futbol üzrə İtaliya milli komandasının sabiq mərkəz müdafiəçisi Fabio Kannavaro Özbəkistan yığmasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
52 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. O, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.
Fabio Kannavaronun son olaraq 2025-ci ilin aprelində tərk etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) komandasının baş məşqçisi olub. İtaliyalı mütəxəssis həmçinin “Udineze”, “Benevento”, Çinin “Quançjou”, “Tyanjin” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarını çalışdırıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı (DÇ-2026) iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Özbəkistan yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.


