DÇ-2026-nın seçmə mərhələsinin San Marino ilə ev oyunu Avstriya yığmasının hücumçusu Marko Arnautoviç üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu 10:0 hesabıyla qalib gəldikləri bu oyunda “poker”ə imza atıb.
Bununla da o, Avstriya yığmasının rekordçusuna çevrilib. Belə ki, Marko bu 4 qol sayəsində milli komanda tarixinin bombardiri olub. Millinin heyətində 45 qola imza atmış Arnautoviç Avstriya komandasının sabiq futbolçusu Toni Polsteri (44) geridə qoyub.
Bu qələbə Avstriya yığması üçün də əlamətdar olub. Belə ki, sözügedən komanda tarixinin ən böyük hesablı qələbəsinə imza atıb.
Xatırladaq ki, Marko Arnautoviç hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir. 36 yaşlı forvard bu yay İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq Serbiya təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalamışdı. O, bu komandanın heyətində 9 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Arnautoviç daha əvvəl İtaliyada “İnter” və “Bolonya”nın, Niderlandda “Tvente”nin, Almaniyada “Verder”in, İngiltərədə “Vest Hem” və “Stok Siti”nin, Çində “Şanxay SİPQ” komandasının da formasını geyinib.
Marko Arnautoviç 2008-ci ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasında 128 oyun keçirib, 45 qol vurub, 30 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 36 yaşlı hücumçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


