Siyasət Əsgərov: “Müdafiədə çox diqqətli oynadıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Çimkənd şəhər stadionunda keçirilmiş yoxlama oyunu Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Oktyabrın 20-dən burada təlim-məşq toplanışındayıq. Bu gün yerli komandaya qarşı ilk yoxlama görüşünü keçirdik. Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir. Rəqibi təhlil etdiyimiz zaman güclü futbolçulara sahib olduqlarını görmüşük. Bugünkü matçı iki hissəyə bölmək olar. Birinci hissədə çox yaxşı çıxış etdik, hesabı açdıq. Fasiləyə qədər ən azı daha bir qol vura bilərdik. Qazaxıstan yığmasının da təhlükəli hücumları oldu, amma müdafiədə çox diqqətli oynadıq. İkinci hissədə isə rəqib oyun planını dəyişdi, əsasən uzun ötürmələrlə hücumlar qurmağa çalışdı. Bu da bizə müəyyən problemlər yaratdı. Qolu da standart vəziyyət zamanı öz səhvimizdən buraxdıq. Buna baxmayaraq, qələbə qazandıq. Görüşün əvvəlindən sonuna qədər qalib gəlmək üçün əlindən gələni edən, xarakter göstərən komandamıza təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Azərbaycan millisi Qazaxıstan yığması ilə oktyabrın 27-də daha bir yoxlama görüşü keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın